Xəbərlər
Mərkəzi Bankda “İnnovasiyalar günü” keçirilmişdir
28-10-2019
25 oktyabr 2019-cu il, Bakı: Beynəlxalq aləmdə informasiya-kommunikasiya texnologiyaları sahəsində baş verən çağırışların davamlı izlənilməsi və innovativ həllərin bank sferasına çatdırılması Mərkəzi Bankın daim diqqət mərkəzindədir. Eyni zamanda, beynəlxalq trendlərə uyğun olaraq ölkədə müasir tələblərə cavab verən informasiya texnologiyaları infrastrukturunun qurulması və maliyyə-bank sektorunda təklif olunan elektron xidmətlərin genişləndirilməsi məlumat mübadiləsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsini, istismarda olan informasiya resurslarının mümkün təhdidlərdən qorunmasını və bu sahədə müntəzəm olaraq müvafiq araşdırma və təhlil işlərinin aparılmasını vacib edir.
Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən “İnnoWeek – İnnovasiyalar həftəsi” çərçivəsində maliyyə texnologiyalarının və innovativ həllərin tətbiqi istiqamətində görülən işlərin kommersiya bankları ilə koordinasiya edilməsi məqsədilə Mərkəzi Bankda 25 oktyabr 2019-cu il tarixində “Maliyyə texnologiyaları: bu gün və gələcək perspektivlər” mövzusunda tədbir keçirilmişdir.
Keçirilən tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və kommersiya banklarının müvafiq əməkdaşlarının iştirakı ilə sözügedən mövzular üzrə müvafiq təqdimatlar keçirilmiş və Mərkəzi Bank tərəfindən yaradılan “Rəqəmsal İdentifikasiya Sistemi”nin fiziki şəxslər tərəfindən bank hesablarının məsafədən açılması ilə bağlı funksionallığı nümayiş etdirilmişdir.
Mərkəzi Bank innovativ maliyyə texnologiyalarının genişləndirilməsi, o cümlədən informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq aləmdə baş verən yeniliklərin bank sektoruna çatdırılması istiqamətində bundan sonra da davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini planlaşdırır.
Dİgər xəbərlər
01-10-2026
Mərkəzi Bakın məlumatı