Xəbərlər
Mərkəzi Bank Yüksək Səviyyəli Forumda iştirak etmişdir
06-03-2019
6 mart 2019-cu il, Bakı: Mərkəzi Bank Dünya Bankı və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanda iqtisadi şaxələndirmə - özəl sektorun rolu” mövzusunda Yüksək Səviyyəli Forumda iştirak etmişdir.
Qeyri-neft sektorunun şaxələndirilməsi üzrə dayanıqlı nəticələrə nail olunmasına həsr olunmuş Forumda ölkənin qeyri-neft sektorunun inkişafının makro aspektləri (makroiqtisadi baxış, mövcud vəziyyət ve təhlillər), özəl sektorun rolunun genişləndirilməsi ilə bağlı siyasət ("Doing Business" hesabatı, Beynəlxalq Maliyyə Korporasiyası ilə dövlət qurumları arasında birgə əməkdaşlıq), kölgə iqtisadiyyatına qarşı mübarizəyə dair təqdimatlar keçirilmiş, Azərbaycan Respublikası Hökumətinin yüksək səviyyəli nümayəndələrinin, özəl sektor və beynəlxalq təşkilat üzvlərinin, həmçinin Dünya Bankının ekspertlərinin iştirakı ilə panel müzakirələr aparılmışdır.
Forumda özəl sektorun rolunun artırılması ilə bağlı panel müzakirələrdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri cənab Elman Rüstəmov çıxış etmişdir. Çıxışında Dünya Bankı ilə uzun illər ərzində həyata keçirilən səmərəli əməkdaşlıq məsələlərini önə çəkərək bildirdi ki, Dünya Bankı 25 ildən artıqdır ki, ölkəmizdə iqtisadi islahatların uğurla aparılmasına, xüsusilə infrastruktur quruculuğu, aqrar inkişaf, və inzibati idarəetmənin təkmilləşməsinə mühüm töhfə vermişdir.
Dayanıqlı iqtisadi artıma nail olmaqda makroqitisadi sabitliyin rolu, bütövlükdə makroiqtisadi siyasətdə son meyillər, xüsusilə də pul siyasəti sahəsində islahatlara toxunaraq qeyd etdi ki, ötən ¼ əsrə yaxın bir dövrdə Azərbaycanda dövlət və iqtisadi quruculuq sahəsində görülmüş işlər, yaradılmış milli potensial onu deməyə əsas verir ki, Möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında yeni strateji dövrün çağırışlarına da layiqli cavab veriləcəkdir.
Tədbirdə həmçinin Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru xanım Kəmalə Qurbanova tərəfindən “Rəqəmsal ödənişlərin artırılması və nağdsız cəmiyyətə gedən yol” mövzusunda təqdimat keçirilmişdir.
Dİgər xəbərlər
01-10-2026
Mərkəzi Bakın məlumatı