Xəbərlər

“Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynanılmışdır

28-04-2020

28 aprel 2020, Bakı: Cari ilin 15 aprel tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə həyata keçirdiyi “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynanılmışdır. Əhalidə rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və nağdsız ödənişlərə təşviq edilməsi məqsədilə reallaşdırılan lotereya mart ayının 1-dən etibarən start götürmüşdür.

 

Lotereyanın 1-ci tirajının keçirildiyi dövrdə Azərbaycan Respublikası ərazisində emissiya edilmiş, korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla, “Visa” brendli ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq lotereya iştirakçısına çevrilərək hər bir əməliyyata bir şans qazanmışlar.

 

Ümumilikdə, tiraj dövrü olan mart ayında lotereya şərtlərinə uyğun olan 182 002 ödəniş kartı ilə aparılmış 867 690 əməliyyat lotereyanın 1-ci tirajına daxil edilmişdir.

 

Lotereyanın uduş fondu 1-ci tiraj üzrə 149 qalibin hər birinə 100 (bir yüz) manat təşkil etmişdir. Uduş haqda kart istifadəçilərinin banklar tərəfindən məlumatlandırılması və vəsaitlərin kart balanslarına əlavə olunması ən qısa zamanda həyata keçiriləcəkdir.

 

Qaliblərin siyahısı ilə Mərkəzi Bankın veb saytında tanış olmaq olar: https://www.cbar.az/page-179/pay-with-visa-and-earn