Xəbərlər
Koronavirusdan qorunmaq mövzusunda sosial çarxlar hazırlanmışdır
05-05-2020
5 may 2020-ci il, Bakı: “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş rəqəmsal ödənişlər üzrə maarifləndirmənin və təbliğatın gücləndirilməsi, ictimai məlumatlığın artırılması istiqamətində davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir.
COVİD-19 pandemiyası dövründə iqtisadi subyektlər və ev təsərrüfatları tərəfindən elektron bankçılıq xidmətlərindən daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, İsveçrə Hökumətinin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun (SBFIC) birgə əməkdaşlığı əsasında maarifləndirici xarakterli video çarxlar hazırlanmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə təşəbbüsü ilə animasiya formasında hazırlanan video çarxlar internet üzərindən məhsul və xidmətlərin əldə edilməsi, təsərrüfat subyektlərində alış-veriş zamanı koronavirus infeksiyasından qorunmaq üçün ödəniş kartları ilə təmassız ödənişlərin aparılması, habelə mobil bankçılıq xidmətlərindən istifadə və kart hesabının balansının təhlükəsiz formada artırılması üsullarını özündə əks etdirir.
Video çarxlar:
1. Koronavirus infeksiyasından qorunmaq üçün mən bank xidmətlərindən necə istifadə edə bilərəm?
2. Karantin rejimində mən öz ödəniş kartımın balansını necə artıra bilərəm?
3. Alış-veriş zamanı koronavirus infeksiyasından özümü necə qoruya bilərəm?
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan Banklar Assosiasiyası