Xəbərlər

Mərkəzi Bankın əməkdaşları tərəfindən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) çalışan könüllülər üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirilmişdir

22-10-2020

21 oktyabr 2020-ci il, Bakı: Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar iş yerlərində, dövlət və özəl təşkilatlarda maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərin icrası davam etdirilir.

 

Bu tədbirlərin davamı olaraq 14-15 oktyabr 2020-ci il tarixində Dayanıqlı və Operativ  Sosial Təminat Agentliyində (DOST) çalışan könüllülər üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirilmişdir. Təlim eyni zamanda BMT-nin Əhali Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində həyata keçirilmişdir. Rəqəmsal ödənişlərə dair nəzəri və praktiki məlumat və bacarıqları əldə etmiş könüllülər DOST Agentliyinə müraciət edəcək ahıl və yaşlı vətəndaşların bu istiqamətdə maarifləndirilməsinə kömək edəcək.

 

Mərkəzi Bankın əməkdaşları tərəfindən keçirilmiş təlimdə milli ödəniş sistemləri, ödəniş kartları və kartlarla əməliyyatlar, nağdsız ödənişlərin üstünlükləri, ödəniş kartları ilə fırıldaqçılıq halları, ani ödənişlər sistemi, elektron bankçılıq kimi mövzular ətrafında müzakirələr aparılmış, praktiki misallarla mövzular izah edilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

Əhalinin maliyyə maarifləndirməsinə, müxtəlif təşkilat və qurumların əməkdaşlarının maliyyə bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank gələcəkdə də bu istiqamətdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsini davam etdirəcək.