Xəbərlər
Mərkəzi Bank nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə keçirilən növbəti “Kartla ödə, kartla qazan” lotereyasına start verir
30-10-2020
30 oktyabr 2020, Bakı: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə Mərkəzi Bank tərəfindən icrası həyata keçirilən tədbirlər çərçivəsində cəmiyyətdə nağdsız ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə 1 noyabr tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən ölkə miqyaslı növbəti “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verilir.
Cari ilin noyabr ayı ərzində keçiriləcək stimullaşdırıcı lotereya dövründə Azərbaycan Respublikasının ərazisində emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər. Lotereyanın uduş məbləği 100 (yüz) manat məbləğində nəzərdə tutulur və uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcəkdir. Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və təhsil kartları da iştirak edəcəkdir. Lotereya dövründə ümumilikdə ölkə üzrə 900 nəfərin qalib olacağı planlaşdırılır.
Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində xüsusi bölmədə (www.cbar.az/page-465/pay-by-card-win-by-card-2020) yerləşdirilmişdir.