Xəbərlər

Mərkəzi Bank ilə Mastercard təşkilatı arasında Anlaşma Memorandumu imzalanmışdır

28-04-2021

28 aprel 2021, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, innovativ ödəniş alətlərindən istifadə edərək daha rahat, sürətli və təhlükəsiz ödəniş imkanlarının artırılması, rəqəmsal ödəniş vərdişlərinin yaradılması və iqtisadiyyatda nağdsız dövriyyənin yüksəldilməsi məqsədilə beynəlxalq kart təşkilatları ilə effektiv əməkdaşlıq çərçivəsi formalaşdırmışdır.

 

Bu sahədə aparılan işlər çərçivəsində, Mərkəzi Bank və Mastercard beynəlxalq kart təşkilatı arasında növbəti strateji dövrdə ölkə üzrə rəqəmsal ödənişlərin inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanmışdır.

 

Ötən illər ərzində Mərkəzi Bankın strateji tərəfdaşı qismində çıxış etmiş Mastercard təşkilatı ilə birlikdə “Nağdsız Azərbaycan” layihəsi reallaşdırılmış, habelə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bir sıra uğurlu layihələrə imza atılmışdır. Qarşılıqlı əməkdaşlıq çərçivəsində aidiyyəti qurumların dəstəyi ilə ölkədə ilk dəfə təhsil sahəsində multifunksiyalı “Smart təhsil kartı”, nəqliyyat sahəsində pilot olaraq seçilmiş şəhərlərdə sərnişindaşımada gediş haqlarının təmassız kartlarla ödənilməsi kimi layihələr icra edilmiş, nağdsız ödənişlərdən istifadənin stimullaşdırılması məqsədilə çoxsaylı kampaniyalar təşkil olunmuş, rəqəmsal ödənişlər barədə ictimai məlumatlılığın artırılması üzrə silsilə tədbirlər həyata keçirilmişdir.

 

Rəqəmsal ödənişlərin davamlı inkişafı məqsədilə imzalanmış yeni strateji anlaşma texnoloji innovasiyalardan istifadə etməklə maliyyə inklüzivliyinin genişləndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün innovativ ödəniş alətlərinin tətbiqinin dəstəklənməsi, nağdsız ödənişlərə inamın artırılması üçün müxtəlif hədəf qrupları üçün seminar və təlimlərin təşkili, kiber təhlükəsizlik, süni intellekt və ən son texnoloji trendlərlə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlığın davam etdirilməsini ehtiva edir.

 

Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində beynəlxalq təşkilatların təşəbbüslərini dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini daima diqqət mərkəzində saxlayır.