Xəbərlər
"Effektiv idarəetmə və makroiqtisadi göstəricilər" işçi qrupunun növbəti iclası keçirilmişdir
18-11-2021
16 noyabr 2021-ci il tarixində saat 16:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər İşçi qrupunun növbəti iclası keçirilmişdir.
Pandemiya ilə əlaqədar olaraq onlayn “Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin “Ekvita” şirkətinin, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin, İqtisadi Təşəbbüslərə Yardım və Spektr Sosial-İqtisadi Araşdırmalar və İnkişaf ictimai birliklərinin təmsilçiləri iştirak etmişlər. İclasda işçi qrupunun 2021-ci il üzrə fəaliyyət planı çərçivəsində ilin ilk 10 ayı ərzində görülmüş işlər müzakirə edilmiş, fəaliyyət planının tam icrasına nail olmaq üçün il sonuna qədər görülməli tədbirlər ətrafında fikir mübadiləsi aparılmışdır. Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olmuşdur. İclasda həmçinin işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planının ilkin layihəsi müzakirə edilmiş, iclas iştirakçılarının təkliflərinin nəzərə alınaraq layihənin təkmilləşdirilməsi qərara alınmışdır.
Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində iclas iştirakçıları tərəfindən ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində irəli sürülmüş təkliflərin nəzərdən keçirilmək üçün Komissiyaya təqdim edilməsi qərara alındı.