Xəbərlər

İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə bağlı bəzi yeniliklər e-sistemdə yerləşdirilib

24-11-2021

24 noyabr 2021-ci il, Bakı: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin yeni məzmunu və formasına dair Mərkəzi Bank, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və İcbari Sığorta Bürosunun rəhbər şəxsləri arasında onlayn görüş keçirilib.

 

Yeni müqavilənin məzmununa və formasına uyğun olaraq İcbari Sığorta Bürosunun informasiya sistemində  edilmiş dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat verilib.

 

Təsdiq olunmuş yeniliklərə əsasən sığorta müqaviləsi müddətsiz bağlanır və ümumi tərəfdaşlıq müqaviləsi rolunu oynayır. “Sığorta müqaviləsinin qoşması” hər müqavilə ili üzrə tərtib olunur və müqavilə ili ərzində sığortaolunanlarla bağlı bütün dəyişikliklər müqavilənin qoşmasına əlavə formasında rəsmiləşdirilir.

 

Sığorta haqlarının ödənilməsi işə götürənin maliyyə qrafikinə uyğun olaraq birdəfəlik və ya hissəvi təmin edilir.

 

Yeniliklər artıq Əmək Müqaviləsi Bildirişi altsistemində yerləşdirilib.

 

Qeyd edək ki, video çarxlar  və sığorta haqqının ödənilmə üzrə hazırlanmış kalkulyator ilə İcbarı Sığorta Bürosunun saytında  (www.isb.az) tanış ola bilərsiniz.