Xəbərlər

Mərkəzi Bankda Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin sahibkarlıq fəaliyyətində və maliyyə ekosistemində rolu mövzusunda görüş keçirilmişdir

26-01-2022

26 yanvar 2022-ci il, Bakı: Ölkədə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə inklüzivliyinin yüksəldilməsi, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, xüsusilə regionlarda maliyyə və ödəniş xidmətlərinin əlçatanlılığının artırılması istiqamətində tədbirlər Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır.

 

Bu sahədə aparılan tənzimləmə və infrastruktur imkanlarının genişləndirilməsi tədbirləri ilə bərabər bank sektorunun və biznes icmasının cəlb edilməsi ilə davamlı maarifləndirmə və təbliğat işləri də həyata keçirilməkdədir. Bu işlər çərçivəsində Mərkəzi Bankın təşkilatçılığı ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlığın İnkişafı Fondu (SİF), Azərbaycan Banklar Assosiasiyası (ABA), Aqrar Sığorta Fondu (ASF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə birgə maarifləndirmə xarakterli görüş keçirilmişdir.

 

Görüş zamanı ekosistemin drayver oyunçuları tərəfindən KOS subyektləri üçün maliyyə resurslarına çıxış imkanlarının yaradılmasında daşınar əmlaka əsaslanan kreditləşmə üzrə beynəlxalq trendlərin ölkəmizdə rəqəmsal tətbiqi, müasir infrastrukturda qurulmuş elektron Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin üstünlükləri, girova tutma yönəldilməsinin asanlaşdırılması, daşınar əmlakların sığorta mexanizmi, avadanlıq və aqro kreditləşmə mövzularında 50-dən çox sahibkar və kredit təşkilatlarının nümayəndələrinə müvafiq təqdimatlar keçirilmişdir.

 

Tədbirdə KOS subyektlərini maraqlandıran sualların cavablandırılması ilə yanaşı, maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, sahibkarların hüquqlarının müdafiəsi və digər istiqamətlər üzrə müzakirələr aparılmışdır. Eyni zamanda, tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, daşınar əmlakın rəsmi reyestrlərində  qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmeti istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlaklar təşkil edə bilər.

 

Ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.