Xəbərlər
Mərkəzi Bankda fransalı sahibkarların təmsil olunduğu nümayəndə heyəti ilə görüş keçirildi
08-04-2022
8 aprel 2022, Bakı: Mərkəzi Bankda Fransa Sahibkarlar Təşkilatı - "MEDEF International"ın icraçı direktoru cənab Filip Qotyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüş "MEDEF lnternational" təşkilatının 2019-cu ilin iyul ayında ölkəmizə həyata keçirdiyi son səfərinin davamı olan işgüzar səfər çərçivəsində təşkil olunmuşdur.
Görüşdə qeyd olundu ki, ümumilikdə səfərin məqsədi Fransa şirkətləri ilə onların Azərbaycan tərəfdaşları arasında birbaşa əlaqələri inkişaf etdirmək və Fransa ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən etməkdən ibarətdir.
Görüş zamanı bildirildi ki, cənab prezident İlham Əliyev tərəfindən ölkədə yeni nəsil islahatlara start verilmiş, növbəti strateji dövr üçün milli inkişaf prioritetləri müəyyən edilmişdir. Qeyd edildi ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına, ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasına, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasına yönəlmişdir. Xüsusilə vurğulandı ki, ölkədə islahatların uğurla həyata keçirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq daima mühüm rol oynamışdır.
Qeyd edildi ki, pandemiyanın bütün ölkələrə olduğu kimi Azərbaycan iqtisadiyyatına da mənfi təsirlərinə baxmayaraq ölkədə makroiqtisadi sabitlik qorunmuş, maliyyə-bank sektorunun dayanıqlığı təmin olunmuş, artıq ötən ildə ölkə iqtisadiyyatının bütün sahələrində effektiv bərpaya nail olunmuşdur.
Nümayəndə heyətinin diqqətinə çatdırıldı ki, ölkəmiz Vətən müharibəsində möhtəşəm zəfər çalaraq otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasına, xüsusi strategiyaya uyğun olaraq işğaldan azad olunmuş torpaqlarımızın abadlaşması, orada həyatın yenidən canlandırılması yolunda böyük quruculuq işlərinə başlanmışdır və bu işlərdə maliyyə-bank sektoru da fəal iştirak edir.
Nümayəndə heyəti tərəfindən qeyd olundu ki, Azərbaycanın əlverişli investisiya mühiti Fransa biznes subyektləri üçün də imkanlar açır və bu xüsusda post-pandemiya mərhələsində ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, xüsusən də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prioritetlərilə tanışlıq mühüm məsələlər kimi diqqəti çəkir.
Vurğulandı ki, qurum 1989-cu ildə Fransa Biznes Konfederasiyası olan MEDEF tərəfindən yaradılmış qeyri-kommersiya özəl təşkilatıdır və hal hazırda Fransanın ən böyük biznes federasiyasıdır. Təşkilat fransız şirkətlərinin nou-haularını kollektiv fəaliyyət vasitəsilə xaricdə təşviq etmək məqsədi daşıyır, xüsusilə də inkişaf etməkdə olan bazarlarda ticarət, texnologiya əməkdaşlığı və investisiya, uzunmüddətli tərəfdaşlığı dəstəkləyir.
Görüşdə pul siyasətinin əsas istiqamətləri, inflyasiya proseslərilə mübarizə tədbirləri, həmçinin bank-sığorta fəaliyyətində iştirak məsələləri müzakirə olundu və qarşıdakı dövrdə də qeyd olunan məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin zəruriliyi vurğulandı.
Dİgər xəbərlər
26-11-2024
Bildiriş
26-11-2024
Valyuta hərracı barədə
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan