Xəbərlər

Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclası keçirilmişdir

23-05-2022

20 may 2022-ci il tarixində saat 16:30-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər İşçi qrupunun növbəti iclası keçirilmişdir.

 

“Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin və İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təmsilçiləri iştirak etmişlər. İclasda işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planı çərçivəsində il ərzində görülməsi nəzərdə tutulan tədbirlər müzakirə edilmiş, qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, tənzimləmənin keyfiyyətinin yüksəldilməsi, habelə təbii resursların effektiv idarə edilməsi ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olmuşdur.

 

Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində digər aidiyyəti qurumlardan nümayəndələrin işçi qrupunun işinə cəlb edilməsi, müvafiq təkliflərin formalaşdırılaraq nəzərdən keçirilmək üçün Komissiyaya təqdim edilməsi qərara alınmışdır.