Xəbərlər
Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatı yayımlanmışdır
16-06-2022
16 iyun 2022, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı strateji kommunikasiya missiyasına uyğun olaraq cəmiyyətdə adekvat iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları vasitəsilə hədəf qruplarının, o cümlədən ictimaiyyətin aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu xüsusda dövri olaraq təhlili və statistik hesabatlar, icmallar, bülletenlər geniş auditoriyaya təqdim olunur.
Məlum olduğu kimi, Mərkəzi Bankın əsas təhlili siyasət nəşrlərindən biri kimi Pul siyasəti icmalı rüblük əsasda elektron versiyada dərc olunur. Burada qlobal iqtisadi mühit, ölkədəki makroiqtisadi proseslər, pul və məzənnə siyasətilə bağlı məsələlər ətraflı təhlil olunur, mühüm meyillər və nəticələr ümumiləşdirilərək oxucuların diqqətinə təqdim olunur.
Bundan əlavə yarımillik əsasda elektron versiyada Rəqəmsal ödənişlər icmalının dərcinə başlanılmışdır. Burada ödəniş sistemləri, ödəniş kartları, rəqəmsal bankçılıq üzrə göstəricilərin təhlili aparılır, bu sahələrin inkişaf hədəfləri qeyd olunur.
Bu istiqamətdə Mərkəzi Bank tərəfindən növbəti mühüm təhlili siyasət sənədi kimi 2021-ci ilin nəticələri üzrə Maliyyə sabitliyi hesabatı hazırlanmışdır. Hesabatın məqsədi maliyyə sabitliyi və onun dayanıqlığını müəyyən edən amillərin hərtərəfli qiymətləndirilməsidir. Sənəddə qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunmuş, bank sisteminin vəziyyəti, riskləri, dayanıqlığı qiymətləndirilmiş, eləcə də bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər aparılmışdır. Hesabatın hazırlanmasında maliyyə sabitliyinin təhlili üzrə beynəlxalq təcrübədə istifadə olunan təhlil metodları, o cümlədən dinamik stress test modellərindən istifadə edilmişdir. Ümumilikdə, maliyyə sabitliyi hesabatının hazırlanması ölkədə maliyyə sabitliyi infrastrukturunun və maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edəcəkdir.
Maliyyə sabitliyi hesabatı ən uyğun beynəlxalq təcrübələr nəzərə alınmaqla dövri əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilməklə elektron versiyada dərc olunacaqdır.
2021-ci ilin nəticələri üzrə Maliyyə sabitliyi hesabatı ilə aşağıdakı linkdə tanış olmaq olar:
Maliyyə sabitliyi hesabatı - 2021