Xəbərlər
Mərkəzi Bankın sədri T.Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantısında iştirak etmişdir
05-07-2022
5 iyul 2022-ci il, Bakı: Azərbaycan Respublikasının Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda (BVF) daxil olduğu Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantıda iştirak etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri T.Kazımovun rəhbərliyi ilə AMB-nin nümayəndə heyəti İsveçrənin Bad Ragatz şəhərində səfərdə olmuşdur.
Tədbirin əsas məqsədi qısa və uzunmüddətli perspektivdə üzv ölkələrin beynəlxalq maliyyə münasibətləri sahəsində üzləşdiyi çağırışlara dair, həmçinin qarşıya çıxan məsələlərin həlli ilə bağlı Bretton Woods təsisatları ilə yaxından əməkdaşlıq imkanlarının araşdırılması və bu istiqamətdə müzakirələrin aparılmasından ibarət olmuşdur.
Toplantı çərçivəsində tədbirin proqramına uyğun olaraq rəqəmsal və davamlı maliyyə məsələləri, bu sahədə üzv ölkələrin qarşılaşdıqları çağırışlar və həyata keçirilən fəaliyyətlərlə bağlı təcrübələrin bölüşdürülməsi məqsədilə “Rəqəmsal və davamlı maliyyə” mövzusunda yüksək səviyyəli seminar keçirilmişdir. Seminarın “Rəqəmsal maliyyə” panelində, həmçinin Seçki Qrupunun iclasında AMB-nin sədri çıxış edərək Azərbaycanda bu sahədə həyata keçirilməkdə olan layihələr barədə məlumat vermişdir.
Həmçinin səfər çərçivəsində AMB sədrinin BVF və DB-nin rəhbər şəxsləri, habelə Seçki Qrupuna üzv ölkələrin mərkəzi bank sədrləri ilə ikitərəfli görüşləri keçirilmişdir. Görüşlərdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.