Xəbərlər

Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclası keçirilmişdir

01-08-2022

28 iyul 2022-ci il tarixində saat 16:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclası keçirilmişdir.

 

“Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, həmçinin İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi, Spektr Sosial-İqtisadi Araşdırma və İnkişaf Mərkəzinin və “Ekvita” şirkətinin təmsilçiləri iştirak etmişlər. İclasda işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planının ilin ilk yarısında icrası istiqamətində görülmüş işlər müzakirə edilmiş, qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, habelə təbii resursların effektiv idarə edilməsi ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olmuş, son ildə ölkədə və dünyada gedən inflyasiya proseslərinin səbəbləri və qiymət sabitliyinə nail olmaq üçün ölkədə həyata keçirilən antiinflyasiya siyasəti barədə ətraflı müzakirə aparılmışdır. Bununla yanaşı, əhalinin maliyyə savadlılığının daha da yaxşılaşdırılması məqsədilə cari ilin fəaliyyət planına daxil edilmiş tədbir çərçivəsində Mərkəzi Bankın virtual təhsil platformasının imkanlarının artırılması və yeni kursların istifadəyə verilməsi istiqamətində görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırılmışdır.

 

Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində digər aidiyyəti qurumlardan nümayəndələrin işçi qrupunun işinə cəlb edilməsi, müvafiq təkliflərin formalaşdırılaraq nəzərdən keçirilmək üçün Komissiyaya təqdim edilməsi qərara alınmışdır.