Xəbərlər

Zəngilan rayonunun “ağıllı kənd” konsepti əsasında yenidən qurulan Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilmişdir

12-09-2022

12 sentyabr 2022, Bakı: Mərkəzi Bankın təşəbbüsü ilə Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının ən mühüm komponentlərindən biri olan nağdsız ödəniş ekosisteminin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Bank sektoru və beynəlxalq kart təşkilatlarının iştirakı ilə rəqəmsal ödəniş həllərinin tətbiqi kənd sakinlərinin maliyyə xidmətlərinə çıxış imkanlarını artırmaqla rahat, sürətli və təhlükəsiz ödənişlərin qəbuluna imkan yaratmışdır.

 

Həyata keçirilən tədbirlər çərçivəsində Ağalı kəndində fəaliyyət göstərən təsərrüfat subyektləri nağdsız ödənişlərin qəbulu üçün tələb olunan bütün zəruri vasitələrlə təmin olunmuşdur. Alternativ ödəniş imkanlarının formalaşdırılması məqsədilə Ağalı kəndində ödəniş terminalları quraşdırılmış, bank hesabları və ödəniş kartlarına 24/7 rejimində mədaxil imkanı yaradılmışdır. Eyni zamanda, ödəniş kartlarının əldə olunması üçün müraciət edən şəxslərə bank hesabları açılmış və ödəniş kartları təqdim olunmuşdur.

 

Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, “Kapital Bank” ASC və “Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilə Ağalı kənd orta məktəbinin şagirdləri üçün “Smart təhsil kartı” layihəsi uğurla icra olunmuşdur. Layihə çərçivəsində həm məktəbli kartı, həm də nağdsız ödənişlərin həyata keçirilməsinin dəstəklənməsi funksionallıqlarını özündə birləşdirən smart təhsil kartları şagirdlərə təqdim edilmişdir.

 

Ağalı kəndində yaradılmış nağdsız ödəniş infrastrukturundan istifadənin stimullaşdırılması məqsədilə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC və “Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilə təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə xüsusi “cashback” layihələrinə start verilmişdir. Bununla yanaşı, əhalinin maliyyə savadlılığının artırılması məqsədilə bütün hədəf qruplarını əhatə edəcək maarifləndirici tədbirlər proqramı hazırlanmışdır. Proqram çərçivəsində məktəblilər üçün nəzərdə tutulan vebinarlarda iştirakın stimullaşdırılması məqsədilə bütün məktəblilər planşetlərlə təmin olunmuşdur.

 

Qeyd edək ki, “ağıllı kənd” konsepti əsasında həyata keçirilən nağdsız ödəniş layihələrinin digər regionlarda da tətbiqi nəzərdə tutulmuşdur.