Xəbərlər
Tədqiqat işlərinin ictimai müzakirəsi barədə məlumat
17-01-2023
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cari ilin 13-17 fevral tarixlərində “tədqiqat həftəsi” adlı tədbirin keçirilməsi nəzərdə tutulur. Tədbir Mərkəzi Bankda aparılmış tədqiqat işlərinin ictimai müzakirəsinə həsr olunacaqdır.
Hər il Mərkəzi Bankda pul və maliyyə sabitliyi siyasətinə xidmət edən, eləcə də bir sıra aktual makroiqtisadi mövzularda empirik tədqiqatlar həyata keçirilir. Adətən bu tədqiqat işləri Mərkəzi Bank daxilində, həmçinin beynəlxalq institut və ya xarici ekspertlərlə müzakirə edilərək təkmilləşdirilir, xarici jurnal və konfranslara təqdim olunur. Onların bir çoxu hər il Mərkəzi Bankın rəsmi internet səhifəsində işçi məqalə kimi dərc olunur.
Mərkəzi Bank cari ildən etibarən həyata keçirilən tədqiqat işlərinin ictimai müzakirəsini təşkil etməyə başlayır. İctimai müzakirənin keçirilməsində əsas məqsəd tədqiqat nəticələri barədə ictimaiyyəti məlumatlandırmaq, iqtisadi siyasətdə, ictimai müzakirə və ekspert mülahizələrində tədqiqata əsaslanma ənənəsini möhkəmlətmək, həmçinin növbəti tədqiqatlar üçün rəy və təkliflər almaqdır. İqtisad istiqaməti üzrə tədris fəaliyyəti ilə məşğul olan professor-müəllim heyəti, elmi işçilər, ali təhsil müəssisələrində təhsil alan tələbələr, iqtisadi siyasətə məsul dövlət qurumlarının analitik işlər həyata keçirən əməkdaşları, iqtisadçı ekspertlər və jurnalistlər, tədqiqata marağı olan hər kəs bu müzakirələrdə iştirak edə bilər.
Müzakirələr vebinar formatda həyata keçiriləcək. Müzakirəyə təqdim olunan tədqiqat işləri barədə məlumatla müvafiq əlavədə tanış ola bilərsiniz. Müzakirələrə qoşulmaq istəyən şəxslər aşağıdakı linkə daxil olmaqla 31 yanvar 2023-cü il tarixinədək qeydiyyatdan keçə bilərlər.
Dİgər xəbərlər