Xəbərlər

Mərkəzi Bankda tədqiqat işlərinin ictimai müzakirəsi

20-02-2023

20 fevral 2023-cü il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı daxili və xarici iqtisadiyyatda, maliyyə bazarlarında baş verən prosesləri davamlı olaraq təhlil və tədqiq edir. Bu çərçivədə hər il həyata keçirilmiş tədqiqatların bankdaxili müzakirəsi təşkil olunur. Cari ildə ilk dəfə olaraq bu tədqiqatların geniş ictimai müzakirəsi  təşkil olunmuşdur. İctimai müzakirələr “tədqiqat həftəsi” adı ilə vebinar formatında 2023-cü ilin 13-17 fevral tarixlərində keçirilmişdir. Vebinar müzakirələri hər gün bir tədqiqat işi olmaqla 5 tədqiqat işinə həsr olunmuşdur. Müzakirələrə ümumilikdə 300 nəfərə yaxın iştirakçı qatılmışdır.

 

Vebinarlarda müxtəlif universitetlərin müəllim və tələbələri, həmçinin dövlət qurum və orqanlarının əməkdaşları iştirak etmişdir. İctimai müzakilər zamanı iştirakçılara cari əməliyyatlar balansı əsas komponentlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması, Azərbaycanda inflyasiyanın iqlim dəyişikliklərinə reaksiyasının qiymətləndirilməsi, ev təsərrüfatlarının istehlakı üzrə naukastinq modelinin qurulması, bank kreditlərinin tələb və təklif amillərinin qiymətləndirilməsi, ödəniş məlumatları əsasında ÜDM-in naukastinqi modelinin qurulması mövzularında tədqiqat işləri təqdim edilmişdir. Tədqiqat işləri üzrə məqalələrlə Mərkəzi Bankın rəsmi internet səhifəsindən (https://www.cbar.az/page-48/working-paper-series) tanış ola bilərsiniz.

 

Hər gün orta hesabla 2 saat davam edən müzakirələrdə iştirakçıların çoxsaylı sualları cavablandırılmış, onların rəy və təklifləri növbəti tədqiqatlarda nəzərə alınmaq məqsədilə dinlənmişdir.

 

Mərkəzi Bankda növbəti illərdə aparılacaq tədqiqatların də açıq ictimai müzakirəsinin keçirilməsi nəzərdə tutulur.