Xəbərlər
Mərkəzi Bank tərəfindən qanunvericilik tələbləri üzrə növbəti maarifləndirmə tədbiri təşkil edilmişdir
08-02-2024
8 fevral 2024, Bakı: “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın ödəniş xidməti təchizatçıları üçün əlverişli bazar mühitinin təmin edilməsi strateji təşəbbüsü çərçivəsində nəzərdə tutulan fəaliyyətlərdən biri də tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi istiqamətində ödəniş xidməti təchizatçılarına təlim və seminarların təşkilinin həyata keçirilməsidir. Bu xüsusda Mərkəzi Bank tərəfindən Azərbaycan Fintex Assosiasiyası (AzFina) üzvlərinə 10 yanvar 2024-cü il tarixində təsdiqlənmiş “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi” Qaydasının təqdimatı keçirilmişdir.
Təqdimat zamanı ödəniş təşkilatları və elektron pul təşkilatlarının minimum nizamnamə və məcmu kapital tələbləri, ödəniş xidmətlərinin göstərilməsi üzrə fəaliyyət proqramı və biznes planı, daxili nəzarət və risklərin idarə edilməsi sistemləri, ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirləri, fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı, kreditin verilməsi proseduru, valyuta mübadiləsi əməliyyatları, əməliyyat və təhlükəsizlik insidentləri üzrə məlumatlandırma və hesabatlıq tələbləri ilə əlaqədar məlumatlar AzFina nümayəndələrinin diqqətinə çatdırılmışdır. Görüşdə AzFina nümayəndələrinin Qayda tələbləri ilə əlaqədar sualları cavablandırılmış və praktiki nümunələr əsasında izahlar verilmişdir.
Qeyd edək ki, yeni qanunvericilik tələbləri üzrə maarifləndirmənin təşkili çərçivəsində Mərkəzi Bank tərəfindən ödəniş xidməti təchizatçılarına təlim və seminarların keçirilməsi tədbirləri davam etdiriləcəkdir.
Dİgər xəbərlər