Xəbərlər
“Azərbaycanda dayanıqlı maliyyə” mövzusunda tədbir keçirilib
06-04-2024
06 aprel 2024-cü il, Bakı: Mərkəzi Bank və EY şirkətinin tərəfdaşlığı, ACCA-nın (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı maliyyə” mövzusunda tədbir keçirilib. Dövlət və özəl sektorun, səfirlik və beynəlxalq qurumların 100-dən çox nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanın dayanıqlılıq təşəbbüsləri, hədəfləri və sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı prioritetləri diqqətə çatdırılıb.
Tədbirdə həmçinin Beynəlxalq Dayanıqlılıq Standartları Şurası (ISSB) tərəfindən yeni standartların icmalı və Türkiyənin İctimai Nəzarət, Mühasibat Uçotu və Audit Standartları Təşkilatının dayanıqlılıq standartlarının tətbiqinə dair təcrübəsi nəzərdən keçirilib.
Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirov Mərkəzi Bankın dayanıqlı və yaşıl maliyyə gündəliyinin əsas istiqamətləri barədə məlumat verərək Ekoloji, Sosial və İdarəetmə ilə bağlı risklərin maliyyə institutlarının sabitliyi üçün vacib amil olduğunu qeyd edib. Rüstəm Tahirov dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında institusional potensialın gücləndirilməsi və əməkdaşlığın vacibliyini də vurğulayıb. Bununla yanaşı, Mərkəzi Bank tərəfindən hazırlanmış “Dayanıqlı Maliyyə Prinsipləri” tədbir iştirakçılarının diqqətinə çatdırılıb.