Xəbərlər

AMB-nin 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatları açıqlanıb

22-05-2024

22 may 2024-cü il, Bakı: Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatları açıqlanıb.

 

Hesabata əsasən cari ilin yanvar ayının 1-nə AMB-nin aktivləri 34 milyard 793,463 milyon manat təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 12,74 % yüksəkdir.

 

AMB-nin aktivlərinin 27 milyard 46,827 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 22,8 % çox), 5 milyard 629,471 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (14,5 % az) təşkil edib. Bu dövrdə Beynəlxalq Valyuta Fondu (BVF) ilə hesablaşmalar cüzi artaraq 1 milyard 208,132 milyon manata, banklara verilmiş kreditlərin balans dəyəri isə 74,8 % azalaraq 72,951 milyon manata çatıb.

 

2023-cü ildə AMB-nin öhdəlikləri 11,2 % artaraq 33 milyard 239,248 milyon manat təşkil edib. Dövriyyədə olan əsginasların və sikkələrin həcmi 17,7 % artaraq 17 milyard 318,195 milyon manata çatıb. AMB-nin kredit təşkilatları qarşısında öhdəlikləri 5,7 % artaraq 6 milyard 521,107 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 12,2 % azalaraq 3 milyard 759,175 milyon manat, BVF ilə əməliyyatlar üzrə öhdəlikləri isə cüzi artaraq 1 milyard 211,857 milyon manat olub.

 

İl ərzində qurumun balans kapitalı 1,6 dəfə artaraq 1 milyard 554,215 milyon manata çatıb. Nizamnamə kapitalı isə 500 milyon manat rəqəmində dəyişməz olaraq qalıb. Beləliklə, AMB 2023-cü ili 349,113 milyon manat xalis mənfəətlə başa vurub (əvvəlki il zərərlə nəticələnmişdir).

 

Ötən il AMB-nin faiz gəlirləri 515,327 milyon manat (əvvəlki ilə nisbətən 2,3 dəfədən çox), faiz xərcləri isə 299,649 milyon manat (1,8 dəfə çox) təşkil edib. Haqq və komissiya gəlirləri 28,371 milyon manat (12,5 % az), haqq və komissiya xərcləri 3,330 milyon manat (10,0 % az), sair inzibati və əməliyyat xərcləri isə 113,320 milyon manat (1,6 % az) olub. AMB-nin maliyyə öhdəliklərinin tanınması üzrə gəlirləri 47,892 milyon manat (18,9 % az), qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə gəlirləri 34,465 milyon manat (əvvəlki ildə zərər olub), qiymətli kağızlarının realizasiyası üzrə gəlirləri 101,931 milyon manata (əvvəlki ildə zərər olub) çatıb. AMB-nin qiymətli kağızlarının dəyərsizləşməsi üzrə zərəri 470 min manat (39,4 % az), investisiya fondlarındakı vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 13,548 milyon manat (3,0 dəfə çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri isə 48,801 milyon manat (əvvəlki ildə zərər olub) təşkil edib. Bu dövrdə ehtiyatların yaradılmasında 25,137 milyon manat məbləğində zərər tanınıb (əvvəlki ildə ehtiyatlar bərpa edildiyindən gəlir tanınıb).

 

Hesabatda 2023-cü il ərzində AMB tərəfindən dövlət büdcəsinə vəsait köçürülmədiyi qeyd olunub.

 

2023-cü ildə AMB tərəfindən əməkdaşlara sərf olunan xərc 37,241 milyon manat təşkil edib. Bu, 2022-ci il ilə müqayisədə 14,6 % çoxdur. Cari ilin yanvar ayının 1-nə AMB-nin torpaq, tikili və avadanlıqlarının dəyəri 353,449 milyon manat olub. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 22,8 % artıqdır.

 

AMB-nin 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatları rəsmi veb-saytda yerləşdirilib.