Xəbərlər

Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi Qrupunun növbəti iclası keçirilib

21-06-2024

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi Qrupunun 14.06.2024-cü il tarixində onlayn formatda tematik iclası keçirilib.

 

İclasda sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə kreditlərin əldə edilməsində üzləşdiyi çətinliklər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə biznes kreditləşməsi üzrə cari tendensiyalar, regionlarda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsində dövlət fondlarının rolu, girov problemlərinin həlli istiqamətində cari kredit zəmanət mexanizmindən istifadə, regionlarda kreditləşmənin stimullaşdırılması məqsədilə yeni yaradılmış zəmanət və subsidiya mexanizmləri, habelə güzəştli kreditlərin əldə edilməsinin asanlaşdırılması məqsədilə dövlət fondları tərəfindən tələb olunan sənədlərin sadələşdirilməsi istiqamətində görülmüş işlər və icrası davam edən tədbirlər haqqında geniş məlumat verilib. Görüşdə biznes kreditləşməsinin artırılması məqsədilə müvafiq ekosistemin gücləndirilməsi, habelə  biznesin şəffaflaşması tədbirlərinin davam etdirilməsinin  əhəmiyyəti vurğulanıb.

 

İclasda Mərkəzi Bank, Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Banklar Assosiasiyası və özəl sektordan bankların nümayəndələri iştirak edib.