Xəbərlər

Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunur

10-09-2024

10 sentyabr 2024-cü il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə təkliflərin hazırlanması” tədbiri çərçivəsində əsas icraçı qurum kimi aparılan müzakirələrdə aktiv iştirak edərək bu istiqamətdə maliyyə əlçatanlığının artırılmasına öz töhfəsini verir. Bu tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”ndə öz əksini tapır.

 

Qeyd edək ki, Mərkəzi Bank artıq 2022-ci ildə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə öz təkliflərini irəli sürüb və bu istiqamətdə mühüm addımlar atıb. Belə ki, Mərkəzi Bank tərəfindən 2022-ci ildə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə olunmasında kredit şərtlərində aparılmış yumşalmalar və qaydalara edilmiş dəyişikliklər növbəti dövrlərdə bu növ nəqliyyat vasitələrinin kreditləşməsinə və sığortalanmasına pozitiv təsir göstərib. Həyata keçirilmiş bu təşəbbüslər adıçəkilən nəqliyyat vasitələrinin kreditlə alınmasında əlçatanlıq səviyyəsini artırıb.

 

Mərkəzi Bank tərəfindən aparılmış requlyativ güzəştlər nəticəsində 2022-ci ildən bu tərəfə son 18 ayda elektrik və hibrid minik avtomobillərinin banklar tərəfindən kreditləşməsi say olaraq 8 dəfə, məbləğ olaraq 6.5 dəfə artıb. Nəticədə  2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59.9% təşkil edib.

 

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fiziki infrastruktur işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrupu”na rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir (https://azranking.az/working-groups).