Xəbərlər
Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası keçirilib
24-01-2025
24 yanvar 2025-ci il: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 24 yanvar 2025-ci il tarixində Mərkəzi Bankda növbəti iclası keçirilib.
Mərkəzi Bankın rəhbərlik etdiyi işçi qrupunun iclasında 2024-cü il üzrə fəaliyyət planı və Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru ilə bağlı təsdiq edilmiş 2024-cü il üzrə Yol Xəritəsi çərçivəsində ötən il ərzində görülmüş işlər barədə ətraflı məlumatlar təqdim edilib və müzakirələr aparılıb.
Fəaliyyət planında KOS-ların maliyyələşdirilməsi, bazar kapitallaşması, bank və sığorta sahəsi, kredit portfelində qeyri-işlək kreditlərin çəkisi, startaplar üçün maliyyə əlçatanlığı, özəl sektora daxili kredit qoyuluşları, mikromaliyyə təşkilatları tərəfindən verilən kreditlər və digər aidiyyəti tədbirlər barədə məlumatlar təqdim olunub.
Eyni zamanda, tədbirdə Yol Xəritəsində kreditləşmə, elektron ödənişlər, yaşıl maliyyə, kredit büroları və yüklülük reyestrlərinin fəaliyyəti kimi mühüm tədbirlərin icra vəziyyəti müzakirə olunub. Həmçinin işçi qrupunun 18 iyul 2024-cü il tarixli iclasında qəbul edilmiş qərarların icra vəziyyətinə dair məlumat verilib. "Business Ready" hesabatının “Maliyyə xidmətləri” indikatoru üzrə sorğunun nəticələrinə dair fikir mübadiləsi aparılıb.
İclasda işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının və Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin ilkin layihəsinin təqdimatı da keçirilib. Bildirildi ki, layihə müvafiq sahənin dərin diaqnostikası əsasında bençmarklar əsas götürülməklə hazırlanmaqdadır.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Biznesin İnkişafı Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Azərbaycan Kredit Bürosunun, habelə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyasının nümayəndələri və özəl sektorun işçi qrupunda təmsil olunan üzvləri iştirak edib.