Xəbərlər

Xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qiymətləndirilməsi davam edir

04-04-2025

4 aprel 2025-ci il, Bakı: Mərkəzi Bankın xüsusi tənzimləmə rejimində fəaliyyətin təşkili və idarə edilməsi çərçivəsində müəyyən etdiyi mərhələlər üzrə proseslər davam edir.  

 

Belə ki, ikinci qəbul dövrünün yekunu olaraq xüsusi tənzimləmə rejimində iştirakla bağlı ümumilikdə daxil olmuş 14 müraciətin qiymətləndirilməsi həyata keçirilir. Bu mərhələdə müraciətlərin tələblərə uyğunluğu baxımından dəyərləndirilməsi və onların xüsusi tənzimləmə rejiminə qəbulu üzrə yekun qərar qəbul olunacaqdır.

 

Qeyd edək ki, daxil olan müraciətlər virtual aktivlər, ödəniş xidmətləri, eləcə də sığorta və maliyyə bazarlarının digər sahələri üzrə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlıdır.

 

Xatırladaq ki, xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi üzrə tədbirləri özündə cəmləyən qaydalar toplusudur. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcəkdir.

 

Xüsusi tənzimləmə rejimi meyarlarına uyğun gələn və sınağı uğurla başa çatdıran innovativ məhsulların maliyyə bazarlarında tətbiqi və bu sahədə tənzimləmə çərçivəsinin yaradılması nəzərdə tutulub.

 

Xüsusi tənzimləmə rejimi ilə bağlı ətraflı məlumat əldə etmək və yeniliklərdən xəbərdar olmaq üçün bu linkə daxil ola bilərsiniz: sandbox.cbar.az

Dİgər xəbərlər

05-06-2025

03-06-2025