Xəbərlər
Mərkəzi Bank tərəfindən Bakı Mühəndislik Universitetində “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda təlim keçirilib
22-05-2025
22 may 2025-ci il, Bakı: Mərkəzi Bank rəqəmsal maliyyə texnologiyaları ekosisteminin inkişafının təşviqinə, həmçinin bu sahədə məlumatlılığın artırılmasına xüsusi diqqət yetirir. Bu məqsədlə ölkənin qabaqcıl təhsil müəssisələrindən biri olan Bakı Mühəndislik Universiteti (BMU) ilə əməkdaşlıq çərçivəsində universitetin tələbələri üçün “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda dördgünlük təlim proqramı təşkil edilib.
25 tələbənin iştirak etdiyi bu proqram çərçivəsində “Rəqəmlərlə iqtisadiyyatın idarə edilməsi”, “Rəqəmsal maliyyə məhsulları”, “Maliyyə sektorunda kibertəhlükəsizlik” və “Ödəniş sistemləri və innovasiyalar” mövzularında keçirilən təlimlərdə dövrümüzün aktual məsələləri əhatə olunub. Mərkəzi Bankın nümayəndələri tərəfindən təlimlər zamanı iştirakçılara sözügedən sahələr üzrə müasir yanaşmalar və praktiki tövsiyələr təqdim olunub, nəzəri biliklər ilə real dünya təcrübəsi cəmləşdirilib.
Aktual mövzular barədə ətraflı məlumatlar iştirakçılar üçün faydalı müzakirə mühiti yaratmaqla yanaşı, həm də maliyyə sektorunda baş verən rəqəmsal transformasiyanı daha dərindən anlamağa kömək edib.
Yekunda proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara Mərkəzi Bank tərəfindən sertifikatlar təqdim olunub.