Xəbərlər

Mərkəzi Bank tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda təlim keçirilib

27-05-2025

27 may 2025-ci il, Bakı: Mərkəzi Bank ali təhsil müəssisələrində maliyyə məlumatlılığının artırılmasını hədəfləyən təşəbbüsləri davam etdirir. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda keçirilmiş dördgünlük təlim proqramı bu istiqamətdə növbəti mühüm tədbir olub.

 

30-dan çox tələbənin qatıldığı təlim proqramında “Rəqəmlərlə iqtisadiyyatın idarə edilməsi”, “Rəqəmsal maliyyə məhsulları”, “Maliyyə sektorunda kibertəhlükəsizlik” və “Ödəniş sistemləri və innovasiyalar” kimi dövrümüzün aktual məsələləri yer alıb.

 

Mərkəzi Bankın nümayəndələri tərəfindən keçirilən bu təlimlərdə iştirakçılara maliyyə texnologiyalarının gələcəyi və qlobal maliyyə trendləri ilə daha yaxından tanış olmaq imkanı yaradılıb. Mərkəzi Bank əməkdaşları təlimlər zamanı həm nəzəri bilikləri, həm də praktiki tövsiyələri bölüşüb.

 

Yekunda proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara Mərkəzi Bank tərəfindən sertifikatlar təqdim olunub.