Xəbərlər

Mərkəzi Bankın sədri “Dayanıqlı maliyyə” mövzusunda keçirilmiş tədbirdə iştirak edib

13-06-2025

13 iyun 2025-ci il, Bakı: Mərkəzi Bankın sədri Taleh Kazımov "PAŞA Holdinq" tərəfindən “Dayanıqlı maliyyə” mövzusunda keçirilmiş tədbirdə iştirak edib.

 

“Business Talks by PASHA Holding” platforması çərçivəsində keçirilən bu tədbirin məqsədi ətraf mühit, sosial və idarəetmə (ESİ) meyarları üzrə hesabatlılıq, reytinq sistemləri, iqlimlə bağlı maliyyə riskləri mövzusunda aktual trendləri və çağırışları müzakirə etmək, həmçinin ölkənin maliyyə və biznes sektorunda dayanıqlı inkişafla bağlı dialoqu gücləndirmək olub.

 

Tədbirin açılış hissəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Taleh Kazımov, "PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Qasımov və “EY Azərbaycan” şirkətinin rəhbəri İlqar Vəliyev çıxış ediblər.

 

Sədr Taleh Kazımov ölkədə yaşıl keçidin sürətlənməsi və dayanıqlı maliyyənin təşviqi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlar və gələcək planlar barədə ətraflı məlumat verib. O, Mərkəzi Bank tərəfindən qəbul edilmişDayanıqlı maliyyə üzrə Yol Xəritəsi”, eləcə də 2024–2026-cı illəri əhatə edən Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində dayanıqlı maliyyənin əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini bildirib. Sədr Yaşıl taksonomiyanın qəbulu, ESİ risklərinin bankların risk idarəetmə sistemlərinə inteqrasiyası, dayanıqlı maliyyə məhsulları üçün çərçivələrin formalaşdırılmasıverifikasiya mexanizmlərinin yaradılmasının bu sahədə mühüm təşəbbüslər sırasında olduğunu vurğulayıb. O, həmçinin COP29 tədbiri çərçivəsində Mərkəzi Bank tərəfindən beynəlxalq tərəfdaşlarla birgə hazırlanmış  “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi” təşəbbüsünün qlobal əhəmiyyətindən danışıb.

 

Tədbirin əsas hissəsində “ESG reytinqləri və hesabatlılıq”, “Ekspertlə müzakirə” və “İqlim riskləri” mövzularında panellər təşkil olunub. Müzakirə panellərində müxtəlif sahələri təmsil edən ekspertlər dayanıqlı maliyyə sahəsində regional və qlobal təcrübələri bölüşüblər.

 

Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə “Ekspertlə müzakirə” panelinin spikerlərindən biri olub. O, dayanıqlı maliyyə gündəliyindəki mühüm məsələlərdən, ESİ reytinqlərinin əhəmiyyətindən və Mərkəzi Bankın bu sahə üzrə gələcək planlarından danışıb. Baş direktor həmçinin dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması istiqamətində mühüm çağırışlar və onların həlli yolları barədə məlumatları diqqətə çatdırıb.