Xəbərlər
Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramı haqqında məlumatlandırma sessiyaları təşkil olunub
16-04-2026
16 aprel 2026-cı il, Bakı: Mərkəzi Bankın əməkdaşları tərəfindən ADA Universiteti, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün məlumatlandırma sessiyaları təşkil olunub.
Tədbirlər çərçivəsində Mərkəzi Bankın İnsan resursları departamentinin əməkdaşları tərəfindən bankın missiyası, strateji prioritetləri və insan kapitalının inkişafı istiqamətində həyata keçirilən fəaliyyətləri barədə təqdimatlar keçirilib.
Təqdimatlar zamanı Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramı, proqrama qəbul mərhələləri, iştirakçılar üçün potensial karyera imkanları və inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.
Görüşlər zamanı gənclərin peşəkar karyera quruculuğunda ilkin mərhələlər, müasir əmək bazarında tələb olunan əsas bacarıqlar, maliyyə sektorunda uğurlu karyera qurmaq üçün zəruri kompetensiyalar, eləcə də şəxsi inkişafın əsas istiqamətləri ilə bağlı əhatəli və aydın tövsiyələr çatdırılıb.
Sessiyalar tələbələrlə qarşılıqlı fikir mübadiləsi və onları maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Qeyd edək ki, Mərkəzi Bank “Maliyyəçisən” təcrübə proqramı gənc istedadlara bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradır. Proqrama qoşulan iştirakçılar Bankın müvafiq struktur bölmələrində 2 aylıq təcrübə müddəti ərzində peşəkar fəaliyyət üçün vacib olan səriştələri təkmilləşdirə, bununla da yay aylarını daha səmərəli və faydalı keçirə biləcəklər.
Dİgər xəbərlər