Xəbərlər
Azərbaycan Respublikasında lisenziyalaşdırılmış investisiya şirkətlərinin xidmətlərindən istifadə ilə bağlı MƏLUMATLANDIRMA
21-08-2026
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan monitorinqlər zamanı bəzi xarici investisiya platformalarının Azərbaycan Respublikasında müxtəlif vasitələrlə təşviq edildiyi və ölkə rezidentlərinin bu platformalara cəlb olunduğu müəyyən edilmişdir. Sözügedən platformaların xidmətləri internet resursları, sosial media, təlim proqramları, seminarlar və digər marketinq vasitələri ilə təqdim və təşviq olunur.
Mərkəzi Bank bildirir ki, xarici ölkələrin tənzimləyici qurumları tərəfindən verilmiş lisenziyanın mövcudluğu həmin platformaya Azərbaycan Respublikasının ərazisində investisiya xidmətləri göstərmək və ya bu xidmətləri təşviq etmək hüququ vermir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkə ərazisində investisiya xidmətlərinin göstərilməsi yalnız Mərkəzi Bank tərəfindən verilmiş müvafiq lisenziya əsasında mümkündür. İstənilən investisiya xidmətindən istifadə etməzdən əvvəl xidmət təminatçısının Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyasının olub-olmadığını yoxlamaq vacibdir.
İnvestor hüquqlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada qorunması məqsədilə Mərkəzi Bank vətəndaşlara investisiyalarını yalnız Mərkəzi Bank tərəfindən verilmiş investisiya şirkəti lisenziyasına malik olan şəxslərə etibar etməyi tövsiyə edir. Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış investisiya şirkətlərinin siyahısı Mərkəzi Bankın rəsmi internet səhifəsində (https://www.cbar.az/page-200/investment-companies) yerləşdirilib.
Dİgər xəbərlər