Xəbərlər

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası keçirilib

16-10-2026

16 oktyabr, 2026-cı il Bakı: 14 oktyabr 2026-cı il tarixində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.

 

İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri, Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məsul şəxsləri iştirak edib.

 

İclasda işçi qrupunun 2026-cı il üzrə təsdiq olunmuş fəaliyyət planının icrası istiqamətində həyata keçirilmiş tədbirlərə dair hesabatlar dinlənilib. Hesabatlar büdcə şəffaflığı, dövlət borcunun dayanıqlılığı, dövlətin tənzimləmə yükü, monetar azadlıq, qlobal innovasiyalar, inflyasiya, tənzimləmənin keyfiyyəti və investisiya mühiti üzrə göstəricilərin yaxşılaşdırılması, habelə təbii resursların səmərəli idarə olunması istiqamətləri üzrə işləri əhatə edib. Qeyd olunan istiqamətlər üzrə həyata keçirilə biləcək əlavə tədbirlərə dair təkliflər ətrafında müzakirələr aparılıb.  

 

İclasda Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev İşçi qrupunun növbəti il üçün fəaliyyət planının  hazırlanması zamanı nəzərə alınmalı amillər barədə fikirlərini bölüşüb.

 

İşçi qrupunun rəhbəri, Mərkəzi Bankın baş direktoru Azər Ələsgərov müzakirələri yekunlaşdıraraq fəaliyyət planı üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının ardıcıl şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.