News

“Nağd pul tədavülü, banklarda inkassasiya və kassa əməliyyatlarının təşkili” mövzusunda beynəlxalq konfrans keçirilir

03-04-2018

3 aprel 2018-ci il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilati dəstəyi ilə Bakı şəhərində “Nağd pul tədavülü, banklarda inkassasiya və kassa əməliyyatlarının təşkili” mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır.

İki gün davam edəcək konfransın keçirilməsinin əsas məqsədi nağd pul sahəsində faydalı fikir və təcrübə mübadiləsinin aparılması, yeniliklərin və innovasiyaların tətbiqi, müştərək biznes ideyalarının tapılması, yeni işgüzar əlaqələrin qurulması üçün imkanların yaradılmasıdır.

Konfransda müasir bank sektorunda nağd pul tədavülünün rolu, nağd pul dövriyyəsinin idarə edilməsində yeni texnologiyaların və konsepsiyaların tətbiqi, pul nişanlarının mühafizə sistemlərinin təkmilləşdirilməsi və saxtakarlığa qarşı mübarizə mövzusunda aktual məsələlər müzakirə olunacaqdır. Konfrans çərçivəsində iştirakçı şirkətlər tərəfindən müxtəlif bank avadanlıqları və məhsullarının sərgisinin keçirilməsi də nəzərdə tutulmuşdur.

Konfransda MDB və digər ölkələrin mərkəzi banklarının, maliyyə təşkilatlarının, həmçinin banklar üçün ixtisaslaşmış məhsul və xidmətlər istehsal edən şirkətlərin nüməyəndələri, nağd pul sferasının aparıcı analitikləri, eləcə də beynəlxalq ekspertləri iştirak edirlər.

Xatırladaq ki, konfransın əsas təşəbbüskarı Ukrayna-Estonya müştərək qurumu olan “Biznes-Format” şirkətidir. Son illər ərzində Ukrayna, Belarus və Qazaxıstan kimi ölkələrdə bu konfrans uğurla təşkil olunmuşdur. Cari ildə isə konfransa Bakı ev sahibliyi edir.