Xəbərlər
Bakı Dövlət Universiteti “Smart tələbə kart”ı layihəsinə qoşulmuşdur
11-06-2020
11 iyun 2020-ci il, Bakı: Azərbaycan Respublikası Prezidentin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Mərkəzi Bank, Təhsil Nazirliyi, MasterCard beynəlxalq kart təşkilatı və “Kapital Bank” ASC-nin dəstəyi ilə Bakı Dövlət Universiteti (BDU) də “Smart tələbə kartı” layihəsinə qoşulmuşdur.
Mövcud pandemiya şəraiti nəzərə alınaraq emissiya edilmiş smart tələbə kartları BDU-ya təqdim edilmiş və universitet tərəfindən tələbələrə çatdırılacaqdır.
“Smart tələbə kartı” layihəsi çərçivəsində artıq Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Mühəndislik Universitetində təhsil alan tələbələrə ödəniş funksionallı tələbə kartları təqdim edilmişdir və bu layihənin cari ilin sonunadək ölkənin bütün ali təhsil müəssisələrini əhatə etməsi planlaşdırılır.
Smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricində istənilən ödənişlərin həyata keçirilməsi imkanını əldə edəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Eyni zamanda, tələbələr smart kartlardan universitetə, kitabxanaya və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur. Bu kartlardan istifadə tələbələr arasında müasir ödəniş mədəniyyətinə malik yeni nəslin formalaşmasına və ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaqdır.