Xəbərlər

Mərkəzi Bank Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin davamlı olaraq inkişafına xüsusi önəm verir

07-09-2020

7 sentyabr 2020-ci il, Bakı: Azərbaycan Respublikası Prezidentinin ölkədə əhalinin və biznesin maliyyə resurslarına çıxışının genişləndirilməsi və kənd yerlərində maliyyə inklüzivliyinin artırılması ilə bağlı verdiyi tapşırıqlardan irəli gələrək Mərkəzi Bank tərəfindən bir sıra strateji layihələr və ardıcıl işlər həyata keçirilməkdədir.

 

Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində iqtisadi subyektlərin daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının genişləndirilməsi məqsədilə 2018-ci ildə istifadəyə verilmiş Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) daha təkmil texnoloji platformada yenidən qurulmuşdur. Yenilənmiş DƏYDR (https://mpcr.e-cbar.az) müasir texnoloji və təhlükəsizlik tələblərinə tam cavab verməklə yanaşı onun digər dövlət informasiya sistemləri ilə inteqrasiya edilməsi imkanları yaradılmışdır.

 

İqtisadi subyektlərin yaradılmış DƏYDR platformasından aktiv istifadəsini təşviq etmək məqsədilə xidmət haqqlarının əhəmiyyətli aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilmişdir. “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanına Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 04 sentyabr tarixli Fərmanı ilə dəyişikliklər təsdiq edilmişdir. Nəticədə, DƏYDR-də xidmət haqqları yüklülük bildirişinin daxil edilməsi üçün 10 (on) manat, yüklülüyə dəyişiklik bildirişinin daxil edilməsi üçün 6 (altı) manat və axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün isə 6 (altı) manat məbləğindən müvafiq olaraq 2 (iki), 1 (bir) və 1 (bir) manata endirilmişdir.

 

Mərkəzi Bank tərəfindən bu istiqamətdə görülən işlər ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının gücləndirilməsi və yeni maliyyə alətlərindən geniş istifadəsini dəstəkləyəcəkdir. Yaradılmış platforma kredit müraciətləri zamanı təminatla bağlı çətinliklərin aradan qaldırılması və regionlarda əhali üçün daha rahat kreditləşmə vasitələrinin yaradılması imkanlarını genişləndirəcəkdir. Bütövlükdə, bütün bunlar ölkədə maliyyə vasitçəliyini genişləndiricək və maliyyə-bank sektorunun səmərəliliyini artıracaqdır.