Xəbərlər

Smart funksiyalı “Azərbaycan təhsil kartı” layihəsinə daha 3 universitet qoşulmuşdur

10-09-2020

10 sentyabr 2020, Bakı: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Mərkəzi Bank, Təhsil Nazirliyi, “MasterCard” Beynəlxalq Kart Təşkilatı və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dəstəyi ilə daha 3 universitet - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı smart funksiyalı “Azərbaycan təhsil kartı” layihəsinə qoşulmuşdur.

 

“Azərbaycan təhsil kartı” tələbələrə təhsil aldıqları dövrdə onların indentifikasiya sənədi rolunu oynamaqla yanaşı, ödəniş xidmətlərindən yararlanmağa, o cümlədən təqaüdlərin alınmasına, ölkə daxilində və xaricində istənilən nağdsız ödənişlərin həyata keçirilməsinə imkan verəcəkdir. Regionlarda yaşayan valideynlər övladlarına bu kart sayəsində rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. İnnovativ kart məhsulu vasitəsilə həyata keçirilən nağdsız ödənişlər zamanı tələbələr “cashback” proqramı və digər xüsusi kampaniyalardan yararlanmaq imkanı əldə etməklə yanaşı, bu kartlardan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə “Azərbaycan təhsil kartı”nın əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur. Bu kartlardan istifadə tələbələr arasında müasir ödəniş mədəniyyətinə malik yeni nəslin formalaşmasına və ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaqdır.

 

Ölkə ərazisində elan edilmiş karantin qaydaları nəzərə alınmaqla adıçəkilən unveristetlərin hər birindən məhdud sayda tələbəyə müvafiq kartlar təqdim edilmiş, yeni təhsil ili başladıqdan sonra isə qısa müddət ərzində unversitetlərin bütün tələbələrinə smart funksiyalı “Azərbaycan təhsil kartı” təqdim ediləcəkdir.

 

Məlumat üçün bildiririk ki,  “Azərbaycan təhsil kartı” layihəsi çərçivəsində artıq Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universitetində təhsil alan tələbələrə ödəniş funksionallı “Azərbaycan təhsil kartlar”ı təqdim edilmişdir və bu layihənin yaxın gələcəkdə ölkənin bütün ali təhsil müəssisələrini əhatə etməsi planlaşdırılır.