Xəbərlər

Mərkəzi Bankın maliyyə savadlılığına dair vebinarları davam etdirilir

10-09-2020

9 sentyabr 2020-ci il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı əhalinin maliyyə mədəniyyətinin və maliyyə savadlılığının formalaşdırılması yönündə müxtəlif maarifləndirmə tədbirlərini davam etdirir.

 

Sözügedən maarifləndirmə tədbirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə, həmçinin  “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda mühüm istiqamətlərdən biri kimi müəyyən edilmişdir.

 

Bu işlər çərçivəsində əsas hədəf qrupları ilə yanaşı müxtəlif müəssisə və təşkilatlarda çalışan işçi kollektivlərinin də maliyyə savadlılığının artırılması, eyni zamanda müxtəlif peşə sahibi və mütəxəssislər arasında maliyyə savadlılığının ictimai dəyər kimi tanınması ilə bağlı tədbirlərə xüsusi önəm verilir.

 

Mərkəzi Bank tərəfindən 4 sentyabr 2020-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir neçə qurumunun 30 nəfər əməkdaşı üçün “Rəqəmsal ödənişlər” və “Məsuliyyətli borclanma” mövzularında vebinar keçirilmişdir. Vebinarda NRYTN-in qurumları - Dövlət Avtomobil Nəqliyyatı Xidməti, “Aztelekom” MMC, “Azərpoçt” MMC, “Bakı Telefon Rabitəsi” MMC, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, “Azərmarka” MMC və “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin əməkdaşları iştirak etmişlər. 

 

Vebinarda milli ödəniş sistemləri, nağdsız ödənişlərin üstünlükləri mövzusunda faydalı məlumatlar verilmiş, istehlakçının lüzumsuz borclanmaması, geri ödəyə biləcəyi həddə borclanmasına dair tövsiyələr verilmişdir. Vebinar iştirakçıları müvafiq sahədə ən son məlumatlarla tanış olmuş, onları maraqlandıran suallara onlayn cavab almaq imkanı qazanmışlar.

 

Qeyd edək ki, Mərkəzi Bank maliyyə savadlılığına dair müxtəlif mövzularla bağlı dövlət, eləcə də özəl sektor müəssisə və təşkilatlarının əməkdaşları üçün maarifləndirici vebinarların keçirilməsini bundan sonra da davam etdirəcəkdir.