Xəbərlər
Dəmir yollarında gediş haqlarının təmassız ödəniş kartları ilə ödənilməsi layihəsi pilot rejimində istifadəyə verilir
17-09-2020
16 sentyabr 2020, Bakı: “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan ictimai nəqliyyatda gediş haqlarının təmassız ödəniş kartları ilə ödənilməsi imkanının yaradılması tədbiri çərçivəsində Mərkəzi Bankın təşkilatçılığı ilə növbəti uğurlu layihə pilot rejimində istifadəyə təqdim edilmişdir.
Mərkəzi Bank, “Azərbaycan Dəmir Yolları” QSC, “Visa” Beynəlxalq Kart Təşkilatı və “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi layihəsinin ilkin mərhələsi reallaşdırılmışdır. Layihənin birinci mərhələsində Bakı-Sumqayıt hərəkət xətti üzrə iki stansiyada gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi imkanı yaradılmışdır. Pilot rejimin tətbiq olunduğu ilk aylarda “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən emissiya edilmiş təmassız ödəniş kartları ilə, növbəti mərhələdə isə bütün bankların təmassız ödəniş kartları vasitəsilə gediş haqlarının nağdsız qaydada ödənilməsi mümkün olacaqdır. Eyni zamanda, bu funksionallıq mərhələli şəkildə bütün stansiyalarda aktivləşdiriləcəkdir.
Qeyd olunmalıdır ki, ölkədə rəqəmsal ödəniş ekosisteminin yaradılması istiqamətində görülən işlər çərçivəsində təmassız ödəniş infrastrukturunda ciddi artımlar olmuşdur. Belə ki, hazırda dövriyyədə olan ödəniş kartlarının 24%-i, POS-terminalların isə 52%-i təmassız ödənişləri dəstəkləyir. Növbəti illər ərzində bankların bütün kartları və POS-terminalları tam olaraq təmassız ödənişləri dəstəkləyəckdir.
Dəmir yollarında təmassız ödənişlərin qəbulu imkanının yaradılması sərnişinlərə rahat, sürətli və təhlükəsiz şəkildə ödəniş etməyə şərait yaradacaqdır. Nəticə etibarilə, ictimai nəqliyyatda innovativ ödəniş həllərinin genişləndirilməsi terminallar qarşısında olan növbələrin aradan qaldırılması və əhalini qeyri-nağd ödənişlərə sövq edərək onlarda nağdsız vərdişlərin formalaşdırılmasına təkan verəcəkdir.
Dəmir yollarında nağdsız ödənişlərin qəbulu imkanının yaradılması layihəsinin uğurlu icrası ilə yanaşı ölkənin digər ictimai nəqliyyat növlərində də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.