Xəbərlər

Mərkəzi Bankın “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə “Azərpoçt” MMC də qoşulmuşdur

17-09-2020

17 sentyabr 2020, Bakı: Azərbaycan Respublikasının Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinə və 2018-ci il 28 sentyabr tarixli sərəncamı ilə təsdiqlənmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın “Rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması” prioritetinə uyğun olaraq hazırlanmış Mərkəzi Bankın “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə maliyyə xidmətləri göstərilən qurumların qoşulması işləri davam etdirilir.

 

Artıq əhali üçün bir sıra maliyyə xidmətləri təqdim edən “Azərpoçt” MMC də sözügedən məlumat–axtarış sisteminə qoşulmuşdur. Belə ki, bu sistemin (infobank.az) tərkibində “Filial və şöbələr”, “Bankomatlar”, “Ödəniş terminalları”, “Ödəniş kartları” bölmələrində “Azərpoçt” MMC-nin  müvafiq məlumatları yer almışdır.

 

Əhalinin maliyyə xidmətlərinə rəqəmsal çıxış imkanlarını asanlaşdıran və bu xidmətlərdən istifadəni stimullaşdıraraq maliyyə inkluzivliyini təmin edən  “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə müxtəlif çeşidli maliyyə, o cümlədən bank, sığorta məhsul və xidmətləri təklif edən təşkilatların qoşulması işləri gələcəkdə də davam etdiriləcəkdir.