Xəbərlər

Mərkəzi Bankın sədri Cocuq Mərcanlı kəndinə səfər etmişdir

24-12-2018

24 dekabr 2018-ci il, Bakı: Mərkəzi Bankın sədri Elman Rüstəmov Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etmişdir. Səfər çərçivəsində ilk olaraq Cocuq Mərcanlı kəndində 2016-ci ilin aprel döyüşləri şəhidlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edən E.Rüstəmov daha sonra Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə görüşdü, məktəbin xatirə kitabına ürək sözlərini yazdı. Mərkəzi Bankın adından məktəbə texniki avadanlıqlar və kitablar hədiyyə edildi.

Sədr Elman Rüstəmov Cocuq Mərcanlı kəndinin icma parkı, yay kinoteatrı və asudə vaxt kafeteriyası, eləcə də Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olaraq inşa edilən kənd məscidini də ziyarət etdi.

Cocuq Mərcanlı kənd  İcma mərkəzində kənd sakinləri ilə görüşdə çıxış edən E.Rüstəmov bildirdi ki, 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Milli Ordumuzun əks hücumu nəticəsində Cəbrayıl və Füzuli rayonu istiqamətində geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyi düşməndən azad edilmiş və Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçmişdir.  Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün  Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.

İşğal nəticəsində tamamilə məhv edilmiş Cocuq Mərcanlı kəndinin  bərpası ilə bağlı Cənab Prezidentin imzaladığı sərəncamlar barədə danışan E.Rüstəmov kəndə dəymiş ziyanın aradan qaldırılması və işğaldan azad edilmiş ərazilərdə əhalinin firavan həyat şəraitini təmin edilməsinin daim Dövlət başçısının diqqətində olduğunu vurğulayaraq kənddə görülmüş quruculuq işlərini qeyd etdi. Daha sonra kənd sakinlərinin istək və problemlərinə dair  müzakirələr aparıldı.

Qeyd edək ki, Mərkəzi Bankın dəstəyi ilə 2018-ci ilin mart və dekabr aylarında Cocuq Mərcanlı kəndinin sakinlərinə və Xeyriyyə fonduna,  bayram sovqatları, nəqliyat, texniki, məişət və kompüter avadanlıqları verilmişdir. Mərkəzi Bank bundan sonra da Cocuq Mərcanlı kəndinə dəstəyini davam etdirəcəkdir.