Xəbərlər
Milli Depozit Mərkəzinin xidmət haqlarının optimallaşdırılması
21-12-2020
18 dekabr 2020, Bakı: Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair starteji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir. Növbəti tədbir kimi Mərkəzi Bankın İdarə Heyəti Milli Depozit Mərkəzinin (MDM) xidmət haqlarının optimallaşdırılması barədə qərar qəbul etmişdir.
Milli Depozit Mərkəzinin qabaqcıl beynəlxalq təcrübəyə və yerli bazarın xüsusiyyətlərinə uyğun müəyyənləşdirilmiş yeni xidmət haqları kapital bazarında əməliyyat xərclərinin optimallaşdırılmasını və emitentlərin kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsini təmin edəcəkdir.
Yeni tarif planında beynəlxalq təcrübəyə uyğun olaraq bəzi xidmət haqları ləğv edilmiş, əksər xidmət növləri üzrə haqlar azaldılmış, fond birjasında listinqi stimullaşdıran diferensial tariflər müəyyən edilmişdir. Digər dəyişiklik kimi tənzimlənən bazarın təşviq edilməsi məqsədilə fond birjasında listinqdə olan qiymətli kağızların saxlanılması və mülkiyyətçilərin reyestrinin aparılması xidmətləri üzrə emitentlərdən tutulan tariflər iki dəfədən çox azaldılmışdır. Bundan əlavə fond birjasında təkrar bazar, marketmeyker və repo əqdləri üzrə investorlardan tutulan tariflər də azaldılmış, ipoteka istiqrazları və digər təminatlı istiqrazlar üzrə sərəncamçı xidmətlərindən tutulan tariflər isə optimallaşdırılmışdır. Yeni tarif planında həm də səhmdarların ümumi yığıncağının təşkili, səhmlər üzrə dividendlərin hesablanması və ödənilməsi, korporasiyalar və beynəlxalq təşkilatlar tərəfindən buraxılan istiqrazlar üzrə isə faizlərin hesablanması və ödənilməsi tariflərinin azaldılmasını nəzərdə tutur.
Yeni tariflərin tətbiqi nəticəsində qiymətli kağızlar bazarında emitentlər və investorlar üçün tarif yükünün optimallaşdırılması və fond birjasında listinqə daxil olan emitentlərin sayının artması proqnozlaşdırılır. Yeni tarif rejimi habelə birjadankənar bazarın kiçilməsi və fond birjasında bağlanan əqdlərin sayının artması fonunda şəffaflıq səviyyəsinin yüksəlməsinə və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.
MDM-in xidmət haqları ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: http://huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=49109