Xəbərlər
Mərkəzi Bank vətən müharibəsi ilə bağlı dəstək tədbirlərini davam etdirir
21-12-2020
21 dekabr 2020, Bakı: Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, tarixi ədalət bərpa olundu. Vətən müharibəsində yeni tarix yazıldı. Bu gün hər bir azərbaycanlının ürəyi bu şanlı tarixi hadisəyə görə qürur hissi ilə döyünür, milli birliyimiz möhkəmlənir, ölkəmizin daha da inkişaf edəcəyinə əminliklə inanır.
Bu gün dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbiçilərimizə dərin hörmət və ehtiramla böyük diqqət və qayğı göstərir. Mərkəzi Bank da bu milli hərməyliyə qoşularaq onlara dəstək göstərir.
Mərkəzi Bank işğal altında olan torpaqlarımızın azadlığı, vətənin bütövlüyü uğrunda mübarizə aparan ordumuza dəstək məqsədilə Azərbaycan Ordusuna Yardım Fonduna vəsait köçürmüş, Mərkəzi Bankın əməkdaşları da bu xeyriyyəçilik tədbirinə könüllü surətdə qatılmışdır.
Bununla yanaşı Biləsuvar rayonundan olan 30 şəhidin qəbirüstü abidəsinin düzəldilməsi maliyyələşdirilmişdir. Eyni zamanda Cəbrayıl rayonundan olan 27 şəhidin ailəsinə, habelə Vətən müharibəsində ağır yaralanmış və müxtəlif xəsarətlər almış 5 hərbçiyə maliyyə yardımı edilmişdir. Döyüşlərdə ağır yaralanan bir əsgərin xarici ölkələrin birində müalicə edilməsi nəzərdə tutulur.