Xəbərlər
Mərkəzi Bank tərəfindən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin faydaları mövzusunda maarifləndirici vebinarlar keçirilmişdir
16-03-2021
12 mart 2021-ci il, Bakı: Azərbaycan Respublikası Prezidentinin ölkədə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır. Mərkəzi Bank tərəfindən ölkədə maliyyə inklüzivliyinin yüksəldilməsi, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, xüsusilə regionlarda maliyyə və ödəniş xidmətlərinin əlçatanlılığının artırılması istiqamətinə müvafiq tədbirlər həyata keçirilməkdədir.
Bu istiqamətdə aparılan fəaliyyət çərçivəsində yaradılmış Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin (DƏYDR) cari tələblərə mütəmadi olaraq aktuallaşdırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə müxtəlif fokus qruplar üçün maarifləndirici vebinarlar keçirilməkdədir. Bu tədbirlərin davamı olaraq 05 - 12 mart 2021-ci il tarixlərində Mərkəzi Bank tərəfindən ölkədə fəaliyyət göstərən bütün bankların və bank olmayan kredit təşkilatlarının müvafiq əməkdaşlarının iştirakı ilə “DƏYDR-in yaratdığı imkanlar və faydalar” mövzusunda maarifləndirici vebinarlar keçirilmişdir. Tədbirə ümumilikdə 90-dan çox iştirakçı qoşulmuşdur.
Təşkil olunmuş təqdimatda DƏYDR-in mahiyyəti, təminat predmeti olan daşınar əmlaklar barədə məlumatın əldə olunması, potensial borcalanın öhdəliklərinin axtarılması prosedurunun asanlığı, yüklülük sahibləri üçün üstünlük hüququnun yaranması barədə məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırıldı və informasiya resursunun üstün cəhətləri nümayiş etdirilərək geniş fikir mübadiləsi aparıldı.
Ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda müvafiq görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.