Xəbərlər

Mərkəzi Bank şəhid və qazi ailələrinə dəstək tədbirlərini davam etdirir

20-03-2021

19 mart 2021, Bakı: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Ordumuzun rəşadəti ilə xalqımızın ən böyük arzusu - doğma torpaqlara qayıtmaq istəkləri, öz yurdlarında yaşamaq haqları gerçəkləşdirildi və  30 ilə yaxın işğal altında olan torpaqlarımız işğalçılardan azad edildi.

 

44 günlük müharibə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sərgiləməklə bərabər, Azərbaycan dövlətinin necə güclü olduğunu bir daha sü­buta yetirdi.

 

Bu gün hər bir azərbaycanlının ürəyi bu şanlı tarixi hadisəyə görə qürur hissi ilə döyünür, milli birliyimiz möhkəmlənir, ölkəmizin bundan sonra da davamlı inkişafına xalqımız əminliklə inanır. Dövlətimiz tərəfindən torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda Vətən müharibəsində tarixi Zəfər qazanılması yolunda şəhid olmuş və yaralanmış hərbçilərimizə və onların ailə üzvlərinə dərin hörmət və ehtiramla lazımi diqqət və qayğı göstərilir.

 

Mərkəzi Bank da bu milli həmrəyliyə qoşularaq dövlət tərəfindən həyata keçirilən dəstək tədbirlərində yaxından iştirak edir.

 

Bu istiqamətdə görülən sosial tədbirlərin davamı olaraq xalqımızın əziz bayramı olan - Novruz bayramı münasibətilə ümumilikdə 120 şəhid və qazi ailəsinə, o cümlədən Cəbrayıl rayonundan 35 şəhid və 25 qazi ailəsinə, Quba rayonundan 48 şəhid və 12 qazi ailəsinə bayram sovqatları təqdim edilmişdir.