Xəbərlər

Mərkəzi Bankın Banklararası Kart Mərkəzi infrastrukturunun beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verdiyi bir daha təsdiq edilmişdir

20-03-2021

19 mart 2021, Bakı: Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərdən biri olan Milli Ödəniş Sistemi infrastrukturunun təhlükəsizliyi və dayanıqlılığının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

 

Mərkəzi Bank tərəfindən ölkənin kart infrastrukturu üzrə effektivliyin yüksəldilməsi və ödəniş kartları vasitəsilə həyata keçirilən əməliyyatlarda təhlükəsizliyin təmin edilməsi məqsədilə 2016-cı ildə yaradılmış Banklararası Kart Mərkəzinin (BKM) etibarlı və davamlı fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Müasir texnoloji standartlar əsasında yaradılan BKM ölkədə fəaliyyət göstərən banklar tərəfindən emissiya olunan ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin milli şəbəkədə həyata keçirilməsi və xarici təşkilatlardan asılılığın aradan qaldırılması, eyni zamanda, ödəniş kartları bazarında səmərəli və çevik tarif siyasətinin tətbiq edilməsi imkanlarını təmin edir.

 

2020-ci il ərzində BKM üzərindən 53.2 mln. kart əməliyyatı aparılmış, əməliyyatların həcmi 2752 mln. manat, 14.6 mln. ABŞ dolları, 3.1 mln. avro təşkil etmişdir. 2019-cu il ilə müqayisədə sistemdə emal olunan əməliyyatların ümumi sayı 2.4 dəfə, həcmi isə manat üzrə 2 dəfə, ABŞ dolları üzrə 42%, avro üzrə 4% artmışdır.

 

Ölkə qanunvericiliyi ilə yanaşı beynəlxalq təcrübədə də ödəniş kartları üzrə məlumatlar həssas informasiya hesab edildiyindən onların emalı, saxlanılması və ötürülməsi ilə məşğul olan təşkilatlara yüksək təhlükəsizlik tələbləri müəyyənləşdirilir. Bu səbəbdən BKM vasitəsilə ötürülən kart məlumatlarının təhlükəsizliyi və biznes proseslərin davamlılığının ən yüksək səviyyədə təmin olunması məqsədilə sistemin beynəlxalq PCI DSS – “Payment Card Industry Data Security Standards” (Ödəniş kartı sahəsində məlumatların təhlükəsizliyi standartları) tələblərinə uyğunluğu üzrə illik əsasda təşkil olunan növbəti audit həyata keçirilmişdir. Audit yoxlamaları nəticəsində BKM infrastrukturunun ən son PCI-DSS v3.2.1 standartlarının şərtlərinə tam cavab verdiyi bir daha təsdiq edilmişdir.

 

Qeyd edək ki, PCI-DSS standartları beynəlxalq kart təşkilatları tərəfindən ödəniş kartları üzrə risklərin idarə olunması məqsədilə 2006-cı ildə təsis edilmiş “PCI Security Standards Council” (Ödəniş kartı sahəsində Təhlükəsizlik Standartları Şurası) tərəfindən müəyyənləşdirilmişdir. Sözügedən standartlar ödəniş kartlarında təhlükəsizlik siyasəti, prosedur və qaydaların qiymətləndirilməsi üçün mühüm tələbləri və çoxsaylı direktivləri özündə ehtiva edir.