Xəbərlər
Ani Ödənişlər Sisteminə daha 3 bank inteqrasiya olunmuşdur
06-04-2021
5 aprel 2021, Bakı: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılaraq 2020-ci ilin 1 oktyabr tarixində istismara verilmiş Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Bank Respublika” ASC, “Paşa Bank” ASC və Bank “BTB” ASC yaradılmış yeni infrastruktura inteqrasiya olunmuşdur. Beləliklə, qeyd olunan bankların müştəriləri də fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanını əldə etmişlər.
Qeyd edək ki, hazırda 19 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunmuşdur. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcəkdir.