Xəbərlər

Mərkəzi Bankda “Qaliblər düşərgəsi”nin sakinləri – şəhid övladları üçün maliyyə savadlılığı mövzusunda seminarlar təşkil edilmişdir

14-07-2021

13 iyul 2021-ci il, Bakı:  “For Azerbaijan” xeyriyyə təşkilatı və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə layihəsi olan “Qaliblər düşərgəsi”nin sakinləri – şəhid övladları üçün Mərkəzi Bankda maliyyə savadlılığı mövzusunda seminarlar təşkil edilmişdir. Büdcə, qənaət, borc, israfçılıq, sığorta, rəqəmsal ödənişlər, milli pul nişanlarımız mövzusunda seminarlar keçirilmiş, habelə Mərkəzi Bankın maliyyə savadlılığına dair elektron resursları iştirakçılara təqdim edilmişdir.

 

Uşaqlar həmçinin Mərkəzi Bankın Xəzinə departamentinin 1 №li emal şöbəsində pul əskinaslarının çeşidlənməsi prosesi ilə tanış olmuşlar.

 

Tədbirin məqsədi uşaqları düzgün şəxsi maliyyə qərarları verməyə hazırlamaq, rəqəmsal ödənişlərin, sığortalanmanın əhəmiyyəti haqqında mühüm ismarıclar vermək, israfçılığın ziyanlarını göstərərək uşaqları yığıma təşviq etmək, eyni zamanda millil pul nişanlarımızın mühafizə elementləri haqqında məlumat verməkdən ibarət olmuşdur.

 

İştirakçılar mövzu ətrafında fikirlərini söyləmişlər, onların maraqlı sualları cavablandırılmışdır.