Xəbərlər
Azərbaycan Respublikasının Mərkəzi Bankı Maliyyə savadlılığı ayında “Uşaqlar üçün sığorta” mövzusunda iki müsabiqə elan edir
01-11-2021
Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 21 may 2019-cu iI tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Siğorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosasiyası ilə birlikdə genişmiqyaslı layihələr həyata keçirir. Bu layihələr çərçivəsində cari ilin noyabr ayı ərzində “Uşaqlar üçün sığorta” virtual kursu üzrə müsabiqə və “Sığorta uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi elan olunur. Qeyd edək ki, hər ilin noyabr ayı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Maliyyə savadlılığı ayı kimi müxtəlif tədbirlərlə qeyd edilir.
Müsabiqənin məqsədi məktəbliləri maliyyə savadlılığının bir komponenti olan sığorta anlayışı ilə tanış etmək, onlara sığorta, onun növləri və faydaları haqqında ilkin məlumatları çatdırmaqdır.
“Uşaqlar üçün sığorta” virtual kursu üzrə müsabiqə
Virtual kurs müsabiqəsində iştirak üçün şagirdlər Mərkəzi Bankın Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az) “Uşaqlar üçün sığorta”, “Insurance for children” və ya “Детям о страховании” distant kurslarından birində qeydiyyatdan keçməlidirlər. Şagirdlər qeyd olunan kursların birində videodərsləri dinlədikdən sonra onların valideyni və yaxud müəllimi ən geci 23 noyabr 2021-ci il saat 18:00-dək Maliyyə savadlılığı şöbəsinin əməkdaşları ilə test gününü, saatını və formasını (onlayn və ya ənənəvi) razılaşdırmalıdırlar. Qeydiyyat prosesi haqqında ətraflı məlumatı bu link vasitəsilə ala bilərsiniz:
https://www.youtube.com/watch?v=0iNZkyQ0Q7M
Testdə onlayn iştirak edən uşaqlar evlərindən və ya məktəblərindən onlara göndərilən linkə qoşularaq Mərkəzi Bankın əməkdaşının nəzarəti altında sualları cavablandıracaqlar.
Ənənəvi imtahan vermək istəyən uşaqlar isə təyin edilmiş gündə və saatda Mərkəzi Bankın Bülbül prospekti 27 ünvanında yerləşən binasına yaxınlaşaraq onlar üçün ayrılmış kompüterdən istifadə etməklə kursun suallarını cavablandıra bilərlər.
Virtual kurs müsabiqəsində 7-10 yaşında şagirdlər iştirak edə bilərlər.
“Sığorta uşaqların gözü ilə” rəsm müsabiqəsi
“Sığorta uşaqların gözü ilə” rəsm müsabiqəsində iştirak üçün də şagirdlərdən “Uşaqlar üçün sığorta”, “Insurance for children” və ya “Детям о страховании” virtual kurslarından birini dinləyib, sığorta ilə bağlı öyrəndikləri məlumatlar əsasında rəsm çəkmələri istənilir.
Təqdim olunan rəsm nümunələri A4 və ya A3 formatında sulu (yağlı) boya və ya karandaşla çəkilməlidir. Rəsmlər Mərkəzi Bankın Bakı şəhəri, AZ 1000, Bülbül prospekti 27 ünvanına göndərilməlidir. Göndərmə üçün son tarixi 25 noyabr 2021-ci ildir. Göndərilən rəsmin arxasında şagirdin adı, soyadı, ata adı, doğum tarixi, şəhər, rayon, kənd, qəsəbə göstərilməli, məktəb (kimin adını daşıması, N-si, lisey, orta məktəb, gimnaziya və sairə) haqqında məlumat, habelə valideynlərin və ya müəllimin ən azı 2 mobil telefon nömrəsi aydın şəkildə yazılmalıdır.
Rəsm müsabiqəsində 6-10 yaşında şagirdlər iştirak edə bilərlər.
Hər iki müsabiqə üzrə 60 qalib şagird (30 virtual kurs, 30 rəsm müsabiqəsindən) və ən çox şagirdi müsabiqədə iştirak edən 50 qalib məktəb seçiləcəkdir. Qalib gəlmiş şagirdlər və məktəblər sertifikatlar və hədiyyələrlə təltif olunacaqlar.
Müsabiqələrin nəticələri 7 dekabr 2021-ci il tarixində elan ediləcəkdir.
Müsabiqələrlə bağlı sualı olanlar (+994) 12 5983550 telefon nömrəsinə zəng vura, yaxud
Maliyya_Savadliligi@cbar.az elektron poçtuna yaza bilərlər.
Dİgər xəbərlər
26-11-2024
Bildiriş
26-11-2024
Valyuta hərracı barədə
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan