Xəbərlər

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası keçirilmişdir

26-11-2021

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 25.11.2021-ci il saat 15:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

 

Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda emissiya prosedurlarının sadələşdirilməsi ilə bağlı infrastruktur və normativ çərçivəyə baxılması,  səhmləri kütləvi təklif üsulu ilə buraxılan emitentlərə vergi güzəştlərinin tanınması imkanlarına baxılması, sığorta bazarının sağlamlaşdırılması və  dayanıqlığının artırılması üçün tənzimləyici çərçivənin təkmilləşdirilməsi, investisiyanın səmərəliliyi ilə bağlı maliyyə savadlılığının artırılması və sığorta ilə bağlı məlumatlılığın artırılmasına dair birgə müzakirələr aparılmışdır.

 

Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək işçi qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.

 

İclasa Mərkəzi Bankın, Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, “AZSIĞORTA” ASC-nin,  “Atəşgah Həyat” Sığorta ASC-nin, “PAŞA Sığorta” ASC-nin, “PAŞA Həyat Sığorta” ASC-nin nümayəndələri qatılmışdır.