Xəbərlər
Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilmişdir
30-11-2021
30 noyabr 2021-ci il, Bakı: Ölkə Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn əsas çağırışların, mesajların, hədəflərin və bu istiqamətdə aidiyyatı üzrə görülən işlər barədə məlumatın cəmiyyətə düzgün kommunikasiya edilməsi, bu xüsusda mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən maliyyə bazarları sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bankda daim diqqət mərkəzində saxlanılır.
Missiyanın ötürücü vasitəsi kimi media orqanları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər Mərkəzi Bankın siyasətinin və fəaliyyətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsinə, həmçinin siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsinə, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılmasına, bununla da ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırlımasına xidmət edir. Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, “Mərkəzi bankçılıq” və “Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi” mövzularında təlimlər təşkil olunur.
Bu prosesin davamı olaraq yeni qəbul olunmuş “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üzrə kommunikasiya strategiyası”ndan irəli gələn vəzifələrə uyğun olaraq nəzərdə tutulan tədbirlərdən biri kimi 30 noyabr 2021-ci il tarixində Mərkəzi Bankda “Sığorta - maliyyə savadlılığının komponenti kimi” mövzusunda mətbuat nümayəndələri üçün növbəti təlim keçirilmişdir.
İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə keçirilmiş təlim jurnalistlərin bu istiqamətdə biliklərini artırmaqla yanaşı, onlar tərərfindən sığorta maarifləndirilməsi mövzularında hazırlanacaq veriliş və süjetlərin effektivliyinin artmasına, habelə sığorta sahəsində maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin həyata keçirilməsi işinə kömək edəcəkdir.
Təlim iştirakçılarına sığorta münasibətlərinin zəruriliyi, risklərin qarşısının alınmasında sığortanın, xüsusən icbari sığorta növlərinin faydaları, həmçinin Azərbaycanda risk mədəniyyətinin inkişaf səviyyəsi barədə ətraflı məlumat verilmişdir.
Bunlarla yanaşı maliyyə bazarları, xüsusən sığorta münasibətləri mövzusunda jurnalistlərin maliyyə maariflənməsinin yüksəldilməsi məsələləri, eləcə də bu sahədə gözlənilən nəticələrə dair müzakirələr aparılmışdır.
Təlim zamanı jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılmış, tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Dİgər xəbərlər
26-11-2024
Bildiriş
26-11-2024
Valyuta hərracı barədə
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan