Xəbərlər

Ani Ödənişlər Sistemi vasitəsilə fiziki şəxslər tərəfindən aparılan QR kod ödənişləri və köçürmələr üzrə xidmət haqqı tariflərinə tətbiq olunan güzəşt müddəti uzadılmışdır

30-12-2021

30 dekabr 2021, Bakı: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılmış Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.


AÖS-ün istismara verilməsi ilə fiziki və hüquqi şəxslər üçün maliyyə xidmətlərinə 24/7/365 rejimində çıxış imkanı yaradılmaqla, istifadəçilərə sadə identifikatorlar ilə bank hesabları üzərindən real rejimdə köçürmələrin aparılması, Hökumət Ödəniş Portalı (HÖP) ödənişlərinin icrası, habelə QR kod vasitəsilə ödənişlərin həyata keçirilməsi təmin edilmişdir. Sistemin funksionallıqlarının genişləndirilməsi tədbirləri çərçivəsində AÖS-ün “AniPay” mobil tətbiqi və internet səhifəsi (www.anipay.az) istismara verilmiş və multibankçılıq funksionallığı əsasında müştərilərə bütün bank hesablarını vahid platforma üzərindən idarə etmək imkanı təqdim olunmuşdur. Eyni zamanda, iştirakçı bankların elektron bankçılıq xidmətlərinin AÖS-ə inteqrasiyası üzrə işlər aktiv şəkildə davam etdirilir.


AÖS-ün əhatə dairəsinin genişləndirilməsi tədbirlərinin növbəti strateji dövr ərzində dəstəklənməsi, habelə iştirakçı banklar və milli poçt operatoru tərəfindən fiziki şəxslərin sistemin imkanlarından istifadəsinin stimullaşdırılmasına əlverişli şəraitin yaradılması məqsədilə Mərkəzi Bank tərəfindən fiziki şəxslər (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) tərəfindən aparılan QR kod ödənişləri və köçürmələr üzrə sistemdən istifadəyə görə iştirakçı təşkilatlardan xidmət haqqının tutulmaması qərarı verilmiş və güzəşt müddəti 01 yanvar 2022-ci ildən 01 yanvar 2023-cü il tarixinədək uzadılmışdır.


Qeyd edək ki, hazırda 20 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunmuşdur. AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətləri, habelə sistemin “AniPay” mobil tətbiqindən (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcəkdir.